21 Mart 2017 Salı

Zəki Mürən (Türkiyə). Şeirlər


Alın yazım

Allah atanın
yaşılı, ağı
qələmimi sınmışdı,
mürəkkəbimi qurumuşdu
alın yazımı yazarkən?
Yoxsa sənin adın
belə asan gəldi ona?
Bəlkə beş hərfli imiş əlifba?
bəlkə elə beş hərf bilirmiş elə, Allah ata?
Beşi də qapqara?
Yox idimi
yaşılı, ağı, masmavisi?
***
Ovcumdakı dua

Ovcumdakı dua
barmaqlarımın
arasından süzüldü,
Sənə şam düzəltdim
ürəyimin yağından.
Yenə gözlərində dəfn olundum -
məzarsız ölülər,
ölüsüz məzarlar...
Səni dəfnə yarpağında
gicitkəndə,
günəbaxan çiçəyində aradım.
Səhərə yaxın doğan
solğun Ay kimi
üşütdün içimi...

Gəl, dağların başı, gəl,
Gəl, dəli könlümün dəli yoldaşı, gəl,
Gəl, ayaqqabıların başı açılmış, gəl,
Gəl, saçların islaq gəl,
Mənim əllərimdə dua...
Sən də əllərində dua, gəl...

Hazırlamışdır: Dilsuz
Ədəbiyyat qəzeti, 04.02.2017

Xuraman Hüseynzadə. Dekabr ayı


Yeni fəsil gəlib
Yeni ay
Və yepyeni gün...
Təkcə günəş köhnədir.

Bizim evdə saat yatır
Təqvim dünəni göstərir
Divar kağızımız köhnə...

Günəşin istisi keçmiş şüalarını
Silirəm pəncərədən
Hava boz üzünü göstərir...

Divar kağızlarının solğun bənizinə
Baxaraq anlayıram:
Bu dünyada
Köhnə tarixli təqvim
Və yatmış saat qədər

Kədərli heç nə yoxdu...

3 Mart 2017 Cuma

Könül Arifdən bir şeir. PENCƏK


Bir qadın vardı -
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.
Demə,
müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı.

Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə hey
Üzüyuxarı baxırdı.
Ağlayırdı qarğalar qadına,
Qarğa dilində ağlayırdı...

Sükut edirdi sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-üzük buğdaları...

Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:
"Bu tikəni də ye, balam,
Ye ki, rahat yatasan.
Ağlayır, bax, qarğalar -
hamısı da acdı ha,
Ye! Qalmasın onlara...".